Türkiyənin Amasya və Merzifon bölgələrində ortaq dəyərlərimizin və milli mədəniyyətimizin tanıdılması məsələləri müzakirə olunub

Amasya və Merzifonda ortaq dəyərlərimizin və milli mədəniyyətimizin təbliği istiqamətində layihələr müzakirə olunub, Azərbaycanla bağlı nəşrlər kitabxanalara hədiyyə edilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov Amasya şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Yaser Ergün ilə görüşüb.

Görüş zamanı mədəni əməkdaşlığın inkişaf etdirilməsi, Amasya və Merzifonda ortaq tarixi və mədəni dəyərlərimizin tanıdılması, azərbaycanlı sənətçilərin müxtəlif tədbirlərə cəlb olunması, birgə sərgi və konsertlərin təşkili, eləcə də uzunmüddətli mədəni layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda həmçinin Amasya Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə əməkdaşlıq çərçivəsində xalq kitabxanalarının Azərbaycanla bağlı nəşrlərlə zənginləşdirilməsi, mədəniyyət sahəsində qardaş şəhər olan Amasya ilə Azərbaycanın Şamaxı şəhəri arasında əlaqələrin daha da inkişaf etdirilməsi və birgə mədəni layihələrin artırılması kimi məsələlər də müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti və mədəniyyətini əks etdirən 100 kitab Amasya İl Xalq Kitabxanasına hədiyyə olunub.

Daha sonra Merzifon şəhər Xalq Kitabxanası ziyarət edilərək müəssisənin fəaliyyəti ilə tanış olunub. Kitabxananın direktoru Fatih Çalışır ilə görüş keçirilib, gələcəkdə birgə layihələr və əməkdaşlıq imkanları müzakirə edilib.

Bu təmasların Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin mədəniyyət sahəsində daha da möhkəmlənməsinə, ortaq irsimizin gələcək nəsillərə ötürülməsinə və iki ölkə arasındakı dostluq münasibətlərinin güclənməsinə mühüm töhfə verməsi nəzərdə tutulur.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ