Ankara Musiqi və Gözəl Sənətlər Universitetində Azərbaycan və Türkiyənin müxtəlif universitetlərindən 40 tələbənin iştirakı ilə “Şəhər landşaftının dizaynına çoxşaxəli yanaşmalar” mövzusunda beynəlxalq tədris proqramına başlanılıb.
Proqrama Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xəzər Universitetindən 13 tələbə və beş müəllim qoşulub. Ölkəmizdən iştirak edən tələbələrin bir qismi SABAH qruplarının üzvləridir. Türkiyəni isə müxtəlif ali məktəblərdən 27 tələbə və beş müəllim təmsil edir.
Açılış mərasimində SABAH Qrupları İcra Komitəsinin sədri və Elm və Ali Təhsil Dövlət Agentliyinin sektor müdiri Elza Səmədova, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin prorektor əvəzi Zafer Kurtaslan, universitetin professoru Güzin Ayrancıoğlu və layihə koordinatoru Necla Kılınç çıxış ediblər.
Tədbirdə şəhər landşaftının dizaynı və davamlı inkişafı ilə bağlı ekoloji meyarlar, mövcud problemlər və həll mexanizmləri müzakirə olunub.
Çıxışında Elza Səmədova müasir tələblərə cavab verən şəhər mühitinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu sahədə dövlət və özəl sektorun birgə səyləri Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Eyni zamanda, o, növbəti analoji tədris təşəbbüsünün 2026-cı ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında Ermənistana məxsus işğal dövründə ölkəmizə vurulan zərərlərdən danışıb. O qeyd edib ki, hökumət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhər və kəndlərin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr icra edir.
“Ətraf mühitə təsirin minimuma endirilməsinə yönəlmiş ilk ‘ağıllı şəhər’ layihələri artıq Zəngilanda həyata keçirilib”, – deyə Samir Abbasov bildirib. O, şəhərsalma sahəsində vahid standartların hazırlanması və iki qardaş ölkənin təhsil və incəsənət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Proqram çərçivəsində keçiriləcək birgə təlim və müzakirələrin Azərbaycan və Türkiyədə şəhərsalma sahəsinin gələcək inkişafına töhfə verəcəyi gözlənilir.



