Türkiyədəki Azərbaycan Respublikasının Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyənin “Ulusal TV” telekanalı arasında həyata keçirilən birgə mədəni layihə – “Türkiyədəki Məşhur Azərbaycanlıların İzi ilə: Dostluq Karvanı” proqramının növbəti buraxılışı yayımlanıb.
Layihənin məqsədi, Türkiyədə iz qoymuş, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini və tarixini yaşadan tanınmış azərbaycanlıların həyat və fəaliyyətini geniş auditoriyaya tanıtmaq, iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verməkdir.
Bu dəfəki proqram Türk dünyası ədəbiyyatının ən böyük simalarından biri, Azərbaycan poeziyasının dahisi Nizami Gəncəviyə həsr olunub. Verilişin əsas qonağı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi əməkdaşı, Nizamişünas alim, dosent Təhminə Bədəlova olub.
Proqram çərçivəsində Nizami Gəncəvinin zəngin həyat yolu, bəşəri ideyalarla zəngin yaradıcılığı, ədəbi irsinin dünya və Türk dünyası mədəniyyətindəki rolu ətraflı müzakirə olunub. Təhminə Bədəlova şairin əsərlərindəki humanist fəlsəfə, yüksək mənəvi dəyərlər, həmçinin onun dövrünə görə irəli səslənən ideyaları barədə geniş məlumat verib.
Bundan başqa, verilişdə Nizami Gəncəvinin Türkiyədə qorunub saxlanılan əlyazmaları, heykəlləri, abidələri, həmçinin onun adını daşıyan mədəniyyət və elm ocaqları barədə tədqiqatlar təqdim olunub. Tamaşaçılar, həmçinin böyük şairin əsərlərinin Türkiyədəki nəşrləri, tərcümələri və bu sahədə aparılan elmi araşdırmalar barədə də məlumatlandırılıblar.
Proqram, Azərbaycan ilə Türkiyə arasında mədəni bağların dərin köklərə malik olduğunu, Nizami Gəncəvi kimi dahilərin isə bu dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını bir daha nümayiş etdirib.



