Türkiyədə “Azərbaycan sənət həftəsi” Kaysəri şəhərindən başlayıb

Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edən mühüm proqram Türkiyənin Kayseri şəhərində keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi Kayseri Universitetinin ev sahibliyi və Şuşa Azərbaycan Evinin dəstəyi ilə təşkil olunub.

Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə reallaşdırılıb.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Beynəlxalq Türk Dili Ailəsi Günü və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan-Türkiyə qardaşlığından, Azərbaycanın zəngin mədəni irsindən, qardaş Türkiyədə milli sənətimizin tanıdılmasına yönəlmiş fəaliyyətlərdən və həyata keçirilən birgə layihələrdən bəhs edib.

Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa çıxışında Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmləndiyini vurğulayıb. Rektor universitetin bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib.

Şuşa Azərbaycan Evinin sədri Elşən Cəngərov isə çıxışında Azərbaycanın tarixinə və mədəniyyətinə diqqət çəkərək milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Proqram çərçivəsində təqdim olunan bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanak Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat və opera sənətçisi Fidan Hüseynova Azərbaycan xalq mahnıları səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Rüzgarı” Muğam-Şeir Qrupu və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı muğam və milli rəqslərdən ibarət səhnə performansları ilə tədbirə xüsusi rəng qatıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ