Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılan Azərbaycan Türkcəsi Tədris Ocağı fəaliyyət göstərir. Tədris ocağında Azərbaycan türkcəsi kursları təşkil olunur.
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov və Qazi Universitetinin prorektoru Prof. Dr. Necdet Hayta tədris ocağını ziyarət ediblər.
Ziyarət zamanı ocağın fəaliyyəti, Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin təbliği istiqamətində görülən işlər, həmçinin burada yaradılmış kitabxananın fəaliyyəti barədə qonaqlara məlumat verilib.
Bildirilib ki, Türkiyədə Azərbaycan dilinin tədrisi və təbliği məqsədilə təşkil olunan bu kurslarda Qazi Universitetinin tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri və ana dilimizi öyrənmək istəyən hər bir şəxs iştirak edə bilir.
Kurs iştirakçıları Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında da məlumatlandırılır, bu mövzular üzrə keçirilən tədbir və layihələrdə fəal iştirak edirlər.



