Nevşehirdə Azərbaycanın tarixi və mədəni irsini əks etdirən foto sərgi açılıb

Azərbaycan Respublikasının yaranmasının 108-ci ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Türkiyənin Nevşehir şəhərində yerləşən Güray Muzeyində Səfirliyimiz, EkoAvrasiya Vəqfi, Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyi (TÜRKSİT) və Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə foto sərgisi keçirilib.

Sərginin açılış mərasimində Avanos rayonunun kaymakamı Osman Bilici, Səfirliyin müşaviri cənab Dr. Füzuli Məcidli, EkoAvrasiya Vəqfinin Himayəçilər Şurasının sədri Dr. Hikmət Eren, TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz, Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov və çoxsaylı qonaqlar iştirak ediblər.

Çıxışlarda Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin tarixi, mədəni və strateji əsaslarına diqqət çəkilib. İki ölkə arasındakı həmrəyliyin ortaq tarix, mədəniyyət və dəyərlər zəminində gündən-günə daha da möhkəmləndiyi vurğulanıb, Azərbaycanın regional və qlobal miqyasda artan roluna diqqət yetirilib. Çıxışlarda, həmçinin Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin, zəngin dövlətçilik ənənələrinin və Türk dünyasına verdiyi töhfələrin əhəmiyyəti qeyd olunub, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın ortaq gələcəyin qurulmasına mühüm töhfələr verdiyi bildirilib.

Tədbir çərçivəsində Azərbaycanın tarixi və mədəni irsini, müstəqillik uğrunda mübarizəsini və Ümummilli Lider Heydər Əliyevin həyatından mühüm məqamları əks etdirən fotoşəkillərdən ibarət sərgi ziyarətçilərin ixtiyarına verilib. Sərgi qonaqlar və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ