Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Məşhur azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində Türkiyədə milli mədəniyyətimizin tanıdılması və qardaş ölkənin mədəni həyatına töhfə verən azərbaycanlı sənətkarlar haqqında televiziya proqramlarının hazırlanması davam edir.
Bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin Türkiyənin “Ulusal TV” kanalı ilə birgə əməkdaşlığı çərçivəsində yayımlanan “Dostluq karvanı” verilişinin növbəti buraxılışında Azərbaycanın Xalq Artisti, uzun illər Türkiyədə yaşayan, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov qonaq olub.
Verilişin aparıcıları – Yusuf Tunçer və Arzu Əliyeva proqram boyunca Cahangir Novruzovun yaradıcılıq yolunu, teatr sənətinin inkişafındakı xidmətlərini, müxtəlif tamaşalarda canlandırdığı obrazları və sənətkarın Azərbaycanla yanaşı, Türk dünyasında teatr sənətinin inkişafına verdiyi töhfələri ətraflı şəkildə təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, rejissor, Azərbaycanın Xalq Artisti və hazırda Türkiyədə Adana Çukurova Universiteti Dövlət Konservatoriyasında professor kimi fəaliyyət göstərən Cahangir Novruzov son 30 ildə qardaş ölkənin mədəni inkişafına mühüm töhfələr verib. O, teatr sənəti sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında və bu sahənin inkişafında fəal iştirak etməklə yanaşı, Türkiyədə tanınmış azərbaycanlı sənətkar olaraq milli mədəniyyətimizin təbliğinə geniş şəkildə xidmət göstərməkdədir.
Bu layihə, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin dərinləşməsi, ortaq tarixi və mənəvi irsin geniş auditoriyalara çatdırılması baxımından əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirilir.




