Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək ötən il ərzində nazirliyin fəaliyyəti haqqında, həyata keçirilən islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, il ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində sistemli fəaliyyət həyata keçirilib.
Mədəniyyət sahəsinin idarəolunması, müəssisələrin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə işlər davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzlərinin işi müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib.




