Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Kayseri şəhərində bir sıra rəsmi və mədəni görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan mədəniyyəti və incəsənətinin Kayseridə tanıdılması, birgə layihələrin həyata keçirilməsi və mədəni əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu çərçivədə Samir Abbasov Kayseri İl Mədəniyyət və Turizm müdiri Şükrü Dursun ilə görüşüb. Kayseri İl Mədəniyyət və Turizm Müdirliyində baş tutan görüşdə Azərbaycanın bölgələri ilə Kayseri şəhəri arasında mədəni əlaqələrin genişləndirilməsi, ortaq mədəniyyət və incəsənət layihələrinin reallaşdırılması, eləcə də əməkdaşlığın institusional səviyyədə gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb və birgə fəaliyyətin genişləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Samir Abbasov həmçinin Kayseri Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın ilə də görüşüb. Görüşdə Talas Bələdiyyə sədrinə Azərbaycan mədəniyyəti ilə bağlı layihələrə verdiyi dəstəyə görə təşəkkür bildirilib, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan ortaq layihələr müzakirə olunub. Novruz bayramının birgə qeyd edilməsi, türk xalqlarının ortaq dəyərlərinin təbliği, kitabxana və muzeylərə Azərbaycanla bağlı nəşrlərin hədiyyə edilməsi məsələləri diqqət mərkəzində olub. Görüşdə Azərbaycan icmasının qadın nümayəndələri də iştirak ediblər.
Kayseridəki səfər çərçivəsində Samir Abbasov Şuşa Azərbaycan Evini də ziyarət edərək Evin rəhbəri Elşən Qəmbərov ilə görüşüb. Görüşdən sonra Xocalı Parkı və Azərbaycan-Türkiyə Qardaşlıq Parkına baş çəkilib. Görüş zamanı ortaq layihələr müzakirə olunub, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Şuşa Azərbaycan Evinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib.
Həmçinin Kayseridə təşkil olunan “Azərbaycan Sənət Həftəsi” çərçivəsində ali təhsil müəssisələri ilə əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu məqsədlə Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu qəbul edib. Görüşdə Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qambarov və Azərbaycan Mədəniyyət Mərkəzinin müşaviri Samir İslamov da iştirak ediblər. Tərəflər Azərbaycan Sənət Həftəsi çərçivəsində universitetdə keçirilən tədbirləri və gələcək birgə layihələri müzakirə ediblər.
Qeyd edək ki, bu həftə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Kayseridə “Azərbaycan Sənət Həftəsi” keçirilir. Layihə çərçivəsində bu gün azərbaycanlı sənətçilərin iştirakı ilə “Qardaşlığımız Əbədidir” adlı konsert proqramının təqdim olunması nəzərdə tutulur. Tədbirin Azərbaycan-Türkiyə qardaşlığının mədəni müstəvidə parlaq təzahürü olacağı vurğulanır.




