Kahramanmaraş Sütçü İmam Universitetinin konfrans zalına Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin adı verildi

Azərbaycan milli mədəniyyətinin və ümumtürk dəyərlərinin tanıdılması məqsədilə Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin rəhbərliyi universitetin əsas konfrans zalına Azərbaycanın görkəmli şairi, türk dünyası ədəbiyyatının zirvəsi hesab olunan Nizami Gəncəvinin adının verilməsi barədə qərar qəbul edib.
Bu mühüm qərar Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov ilə Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Dr. Alptekin Yasım arasında keçirilən görüşdə əldə olunmuş razılaşma əsasında gerçəkləşib.
Görüş zamanı tərəflər Azərbaycanla Türkiyə arasında təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, Nizami Gəncəvi kimi dünya ədəbiyyatına böyük töhfələr vermiş şəxsiyyətlərin irsinin yaşadılmasının, adlarının əbədiləşdirilməsinin gənc nəsillər üçün mühüm örnək olduğunu qeyd ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında Nizami Gəncəvinin yaradıcılığının təkcə Azərbaycan deyil, bütün türk dünyası üçün mühüm mənəvi dəyər daşıdığını, onun fəlsəfi fikirlərinin və poetik irsinin əsrlər boyu xalqları birləşdirən mənəvi körpü olduğunu bildirib.
Qeyd edək ki, Nizami Gəncəvinin adının Kahramanmaraş Sütçü İmam Universitetinin konfrans zalına verilməsi, Azərbaycan-Türkiyə dostluğunun və mədəni əlaqələrinin inkişafında daha bir əlamətdar addım kimi qiymətləndirilir. Bu təşəbbüs, eyni zamanda, türk dünyasında ortaq tarixi-mədəni irsin təbliğinə xidmət edir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ