İzmirdə “Rənglərin Zərifliyi: Sənətin Zəfəri” adlı rəsm sərgisinin açılışı keçirilib

Mayın 5-də İzmirdə azərbaycanlı müasir rəssamların “Rənglərin Zərifliyi: Sənətin Zəfəri” adlı rəsm sərgisinin açılışı baş tutub.

Sərgi Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İzmir Azərbaycan Dərnəyinin dəstəyi ilə təşkil olunub.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay və İzmir Böyükşəhər Bələdiyyə sədrinin müavini Zafer Levent Yıldır çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Türkiyənin mühüm mədəniyyət mərkəzlərindən biri olan tarixi İzmir şəhərində Azərbaycan əsərlərinin nümayiş olunması mədəniyyətimizin və təsviri sənətimizin tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd olunub ki, nümayiş etdirilən əsərlər türk kimliyimizi və ortaq dəyərlərimizi əks etdirir, bu cür tədbirlər isə milli mədəniyyətimizi daha yaxından tanımaq üçün mühüm imkan yaradır.

Daha sonra Azərbaycan milli musiqilərindən ibarət proqram təqdim olunub, sərgiyə baxış keçirilib və əsərlər haqqında məlumat verilib.

Bakı və İzmir şəhərləri arasında imzalanmış qardaşlaşma protokolunun 40 illiyi münasibətilə İzmirdə təşkil olunan “Rənglərin Zərifliyi: Sənətin Zəfəri” adlı sərgi bu il mayın 28-dək, bir ay müddətində ziyarətçilər üçün açıq olacaq.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ