İstanbulda fəaliyyət göstərən, azərbaycanlı müəlliflərin əsərlərini səhnələşdirən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının ortaq dəyərlərimizin təbliği, bu il Türkiyədə ilk dəfə rəsmi şəkildə qeyd olunacaq Novruz bayramı münasibətilə xüsusi proqramın hazırlanması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Bu çərçivədə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun iştirakı ilə teatrın rəhbərliyi və yaradıcı heyəti arasında görüş keçirilib.
İstanbulda “Kanal 34” media qrupu tərəfindən təşkil edilən toplantıda teatrın direktoru Kəmalə Cabbarova, rejissor Mina Bayrakəri və aktyor heyəti iştirak ediblər.
Görüşdə milli mədəniyyətimizin Türkiyədə daha geniş miqyasda tanıdılması, birgə layihələrin həyata keçirilməsi, teatrın gələcək fəaliyyətinin inkişaf etdirilməsi və dəstəklənməsi, həmçinin yerli mədəniyyət qurumları ilə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Toplantı zamanı teatrın 2026-cı il üçün planlaşdırılan repertuarı və qastrol proqramları nəzərdən keçirilib, əvvəllər səhnələşdirilmiş tamaşalardan canlı monoloqlar nümayiş etdirilib.
Tamaşaların əhəmiyyətini dəyərləndirən Samir Abbasov teatrın milli mədəniyyətimizin tanıdılmasında oynadığı mühüm rolu vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinin Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrına bundan sonra da dəstək göstərəcəyini bildirib.
Görüşdə hazırlanacaq tamaşalarda Azərbaycan mədəniyyətinin, türk dünyasının ortaq dəyərlərinin və ədəbiyyatının ön plana çəkilməsinin vacibliyi xüsusi qeyd olunub. Tədbir çərçivəsində hazırlıq mərhələsində olan tamaşalardan qısa səhnə parçaları da nümayiş etdirilib.
Qeyd olunub ki, uzun illərdir İstanbulda mədəniyyətimizi tanıdan “Vizyon Tiyatro Birliyi” 10-cu mövsümünün açılışı ilə əlaqədar adını dəyişərək Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı kimi fəaliyyətini davam etdirir.
Teatrın cari mövsümünün açılışı isə Azərbaycan Xalq Şairi, türk dünyasının böyük mütəfəkkiri Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilib.




