Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun illərdir Türkiyədə yaşayan tanınmış azərbaycanlı bəstəkar və pianoçu, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəllimi İlyas Mirzəyevi evində ziyarət edərək ona Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Mükafatını təqdim edib.
Görüş zamanı İlyas Mirzəyev doğum günü münasibətilə ünvanlanan təbriklərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib, xaricdə yaşayan, Azərbaycan mədəniyyətinə və musiqisinə xidmət edən sənət adamlarına göstərilən diqqət və dəstəyi minnətdarlıqla qeyd edib. O, gələcəkdə də milli musiqimizin tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, bu il görkəmli bəstəkar və pianoçu İlyas Mirzəyevin anadan olmasının 65 illiyi tamam olur. İlyas Mirzəyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində təhsil alıb.
Altı simfoniya, 13 konsert və onlarla digər musiqi əsərinin müəllifi olan İlyas Mirzayev Türkiyədə yaşadığı illərdə Tekfen Filarmoniya Orkestrində fəaliyyət göstərib və hazırda qardaş ölkədə yeni musiqiçi nəslinin yetişdirilməsinə töhfə verir.
İlyas Mirzəyev caz və estrada musiqisi sevənlər arasında da geniş populyarlığa malikdir. O, müasir Azərbaycan musiqisinin dünya miqyasında tanınan mühüm nümayəndələrindən biridir.
İ. Mirzəyevin musiqisi Şərq və Qərb sintezi kimi xarakterizə olunur. O, Azərbaycan muğamlarının, türk xalq melodiyalarının və simfonik klassik musiqinin elementlərini müasir orkestrasiya ilə birləşdirir. Ney, balaban, qanun və ud kimi ənənəvi musiqi alətlərini simfonik orkestr ilə vəhdətdə təqdim etməsi ilə tanınır.




