İki ölkə arasında incəsənət sahəsində birgə layihələr həyata keçiriləcək

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin müdiri Ömer Faruk Belviranlı ilə görüşüb.

Gözəl Sənətlər Baş İdarəsində keçirilən görüşdə iki qardaş ölkə arasında xüsusilə musiqi, rəssamlıq, heykəltəraşlıq və mərmər sənəti sahələrində birgə layihələrin həyata keçirilməsi və ortaq mədəni dəyərlərin daha geniş auditoriyaya tanıdılması məsələləri müzakirə olunub.

Görüş zamanı iki ölkənin sənətçiləri arasında təcrübə mübadiləsinin aparılması, sənət düşərgələrinin təşkili, sərgilərin açılması, miniatür, təzhib və dekorativ-tətbiqi sənət sahələrində ustad dərslərinin keçirilməsi, dünya şöhrətli azərbaycanlı bəstəkarların opera əsərlərinin türk orkestrlərinə hədiyyə edilməsi və həmin əsərlərin Türkiyədə fəaliyyət göstərən simfonik orkestrlərin repertuarına daxil edilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, Azərbaycan və Türk dünyasının böyük bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında iki ölkənin sənətçilərinin iştirakı ilə birgə konsert proqramının hazırlanması məsələsi də gündəmə gətirilib və bu istiqamətdə əməkdaşlıq barədə razılıq əldə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ