Azərbaycan teatr sənətini tanıtmaq və mədəni əlaqələrimizi gücləndirmək məqsədilə Türkiyədə mühüm bir mədəni layihə həyata keçirildi.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Iğdırda yaradılan “Bir millət, iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrının ilk səhnə işi böyük dramaturqun eyniadlı əsəri əsasında hazırlanmış “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası təqdim olunub.
Iğdır Mədəniyyət Mərkəzində nümayiş olunan tədbirdə Iğdır Valiliyi, Qarsdakı Azərbaycan Baş Konsulluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, yerli sakinlər və azərbaycanlılar iştirak ediblər.
Tamaşanın premyerasında çıxış edən quruluşçu rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Seyidov yeni yaradılmış “Bir millət, iki dövlət” Azərbaycan–Türkiyə Gənclər Teatrı haqqında danışaraq bunun yalnız iki ölkə arasındakı dostluğa və regionun mədəni həyatına deyil, həm də gələcək qardaşlığımıza töhfə verəcəyini, eyni zamanda Azərbaycan müəlliflərinin əsərlərinin səhnələşdirilməsi üçün yeni imkanlar yaradacağını bildirib.
T. Seyidov qeyd edib ki, gənclərin iştirakı ilə həyata keçirilən bu cür layihələr ortaq milli və mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və teatr sənətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın Xalq artisti, tanınmış teatr və kino xadimi Cahəngir Novruzov bu tədbiri böyük mədəni hadisə kimi qiymətləndirdi. O, çıxışında səhnə əsərinin ideoloji və estetik mahiyyətinə toxunaraq bu cür tamaşaların qardaş xalqlar arasında mənəvi yaxınlığı daha da dərinləşdirən və mədəni dialoqu gücləndirən mühüm sənət hadisələri olduğunu vurğulayıb (Red.: Sözügedən əsər Türkiyə türkcəsinə Azərbaycanın Xalq artisti Cahəngir Novruzov tərəfindən tərcümə olunub).
Tamaşada Hətəmxan ağa – Atilla Osman Kırlak, Şahrəbanu xanım – Amine Güneş, Şahbaz bəy – Harun Turan, Şərəfnisə – Fatma Zahra Kılıç, Müsyö Jordan – Mustafa Ali Alkoç, Dərviş Məstəli şah – Emre Nur Aydın, Xanpəri – Rabia Özel, Qulaməli – Emre Güven, Əlimərdan – Melik Emre Parlar, Nəsrəddin hoca – Serhat Dere, Keçəl – Ahmet Kılıç rol alıblar.
Qeyd edək ki, layihənin həyata keçirilməsində Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Iğdır Valiliyi və rəsmi qurumlar təşkilati və institusional dəstək göstəriblər.




