Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və Türk dünyası mütəfəkkiri Hüseyn Cavidin zəngin ədəbi irsinin qardaş Türkiyədə tanıdılması istiqamətində mühüm layihə həyata keçirilib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında dahi dramaturqun “Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsinə tərcümə edilərək Ankaradakı “Perge” nəşriyyatında nəşr olunub.
Kitab Türkiyə türkcəsinə Dos. Dr. Mehdi Gəncəli tərəfindən tərcümə olunub, ön sözü və redaktəsi isə akademik Rafael Hüseynova məxsusdur. Ön sözdə akademik Rafael Hüseynov Hüseyn Cavidin yalnız Azərbaycanın deyil, bütöv türk dünyasının yetirdiyi ən böyük şairlərdən, dramaturqlardan və mütəfəkkirlərdən biri olduğunu vurğulayır. O, sözün qüdrəti ilə öz dövrünün fövqünə yüksələn, milli düşüncəni bəşəri ideallarla birləşdirən və yaradıcılığı ilə türk xalqlarının mənəvi yaddaşında əbədi yer qazanan nadir sənətkarlardandır. “Hüseyn Cavidin böyüklüyü yalnız yaratdığı əsərlərdə deyil, həm də sədaqətlə qoruduğu mənəvi dəyərlərdə, azad düşüncəyə bağlılığında, milli kimliyə ehtiramında və türk birliyi idealına inamında təcəssüm edir”.
Nəşrə Hüseyn Cavidin “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” kimi məşhur dram əsərləri daxil edilib. Gələcəkdə ikinci və üçüncü cildlərdə Hüseyn Cavidin digər əsərlərinin də Türk dilində nəşri planlaşdırılır.
Kitab Hüseyn Cavidin əziz xatirəsinə və onun ədəbi irsinin xalqa qaytarılmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramla ithaf olunub.
Nəşrin əsas məqsədi Hüseyn Cavidin zəngin dramaturji irsini Türkiyə oxucularına çatdırmaq, onun yaradıcılığını daha geniş auditoriyaya tanıtmaq və Azərbaycan klassik ədəbiyyatının qardaş ölkədə təbliğini gücləndirməkdir.
Hüseyn Cavidin yaradıcılığı insanlıq, ədalət, azadlıq, mənəvi dəyərlər və insanın daxili aləmi kimi ümumbəşəri mövzuların dərin fəlsəfi məzmun və yüksək bədii ustalıqla ifadəsi ilə seçilir. Böyük dramaturqun əsərləri zamanın sınağından keçərək bu gün də aktuallığını qoruyur, oxucuları düşündürür və müxtəlif nəsillər arasında mənəvi körpü yaradır.
Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi bu layihə milli ədəbi irsimizin Türkiyədə tədqiqi və təbliği, Azərbaycan klassiklərinin yaradıcılığının daha geniş oxucu auditoriyasına çatdırılması, eləcə də xalqlarımızın ortaq mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Hüseyn Cavid – Pyeslər” kitabının Azərbaycanda və Türkiyədə təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.



