Hacı Bayram Veli Universitetində Azərbaycan Sənət Həftəsi çərçivəsində konsert proqramı təşkil edilib

Hacı Bayram Veli Universitetinin İtri Konqres və Mədəniyyət Mərkəzində “Qardaşlığımız Əbədidir” adlı konsert proqramı təşkil edilib.

Konsert proqramı “Azərbaycan Sənət Həftəsi” layihəsi çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan tədbirin rəsmi hissəsində Hacı Bayram Veli Universitetinin prorektoru, professor Metin Orbay, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış ediblər.

Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bütün dünyada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin, eyni zamanda Türk dünyasının bütövlüyünün və birliyinin rəmzi olduğunu vurğulanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə keçirilən “Azərbaycan Sənət Həftəsi” çərçivəsində tələbələrin Azərbaycanı və onun zəngin mədəni irsini daha yaxından tanımaq imkanı əldə etdiyini, Türkiyə ilə Azərbaycan arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinin təbliğ olunduğu qeyd olunub.

Konsert proqramında Azərbaycanın Xalq artistləri Fidan Hacıyeva və Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat Azərbaycan və Türkiyənin sevilən və seçilmiş nəğmələrini səsləndiriblər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblının rəngarəng və dinamik çıxışları da böyük maraq doğurub.

Konsert proqramı Azərbaycan-Türkiyə qardaşlığının mədəniyyət müstəvisində parlaq təzahürü kimi yadda qalıb və tədbir iştirakçılarına xoş anlar yaşadıb.

 

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ