“Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin birgə təşkilatçılığı ilə “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı anım proqramı keçirilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və Ankara Universitetinin dəstəyi ilə universitetin Farabi Salonunda təşkil olunan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsini və Azərbaycanın tarixi Zəfərini əks etdirən fotosərgi də açılıb.

Proqramda Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin rəhbəri professor F. Sema Barutcu Özönder, fakültənin dekanı professor İrfan Albayrak, Ankara Universitetinin prorektoru professor Orhan Uzun və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov çıxış ediblər.

Çıxışlarda 27 Sentyabr – Anım Gününün əhəmiyyəti, 44 günlük Vətən müharibəsi, Azərbaycanın qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərin əldə olunmasında şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və qəhrəmanlığına həsr olunmuş “Düşmənə qarşı tək” sənədli filmi nümayiş etdirilib. Nümayişdən sonra “SOY Production”ın rəhbəri Dr. Dilara Əliyeva, filmin prodüseri və rejissoru Fariz Əliyev ekran əsərinin hazırlanması prosesi və məzmunu barədə iştirakçılara məlumat veriblər.

Proqram çərçivəsində azərbaycanlı yazıçı İradə Əlilinin “Vətənin cəsur döyüşçüləri I–II” və “Çubuk qəhrəmanları, qəhrəman şəhid Oğuz Özgür Çevik” adlı kitablarının təqdimatı da keçirilib. Nəşrlərdə Azərbaycan və Türkiyə şəhidlərinin həyat və döyüş yolları, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunur.

Tədbirin davamında professor Üçler Buldukun moderatorluğu ilə “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” mövzusunda panel təşkil edilib. Paneldə professor Üçler Bulduk, professor Birsen Karaca və Dr. Mehmet Rıza Heyet məruzələrlə çıxış ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ