“Dildə, fikirdə, işdə birlik”: Azərbaycan–Türkiyə ortaq oxu proqramının açılış paneli keçirilib

“Dildə, fikirdə, işdə birlik”: Azərbaycan–Türkiyə Ortaq Oxu Proqramının açılış paneli Bakıda keçirilib

İki ölkə arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsini hədəfləyən Azərbaycan–Türkiyə ortaq oxu proqramının açılış paneli 5 oktyabr 2026-cı il tarixində Bakıda keçirilib.

Türk dünyası ədəbiyyatlarının qarşılıqlı şəkildə oxunması və daha yaxından öyrənilməsini hədəfləyən layihəyə 2025-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə başlanılıb.

Layihə çərçivəsində Türkiyədən 90 lisey və 27 universitet tələbəsi Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə, Anar Rzayev və Elçin Əfəndiyevin əsərlərini mütaliə və təhlil edib. Azərbaycanda fəaliyyət göstərən 4 oxu qrupundan 37 tələbə isə Yunus Əmrə, Mövlana, Mehmet Akif Ersoy, Ahmet Hamdi Tanpınar və Mustafa Kutlu kimi türk ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olub.

Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda təşkil olunan proqramın açılış nitqi ilə Maarif Məktəblərinin Azərbaycan üzrə nümayəndəsi Tabip Gülbay çıxış edib. Şagird xorunun Azərbaycan xalq mahnılarından ibarət musiqi proqramının ardından əsas panel keçirilib.

Xəzər Universitetinin magistrantı Gülçöhrə Abasovanın moderatorluğu ilə keçirilən paneldə Ankaradan Masal Özhekim və Fatih Emre Oğur, Kayseridən Sevde Orhan, Eskişehirdən isə Tülay Balıtatlı layihə çərçivəsində hazırladıqları ədəbi təqdimatlarla çıxış ediblər.

Proqramın protokol hissəsində Anadolu Məktəbi Qəyyumlar Şurasının üzvü Muhammed Hakan Tanrıöver, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri prof. dr. Birol Akgün, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi sədrinin müavini, millət vəkili Günay Əfəndiyeva, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Səlim Babullaoğlu və Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi dr. Şəhla İbişova çıxış ediblər.

Proqramın yekun qiymətləndirmə çıxışını “Türk Edebiyatı” jurnalının baş redaktoru, yazıçı və tərcüməçi İmdat Avşar edib.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ