“Can Azərbaycandan Sevgilərlə” konsert proqramı Türkiyənin “Kültür Yolu” Festivalında təqdim olunacaq

Bu il Azərbaycan, dünyanın ən möhtəşəm və nüfuzlu mədəniyyət tədbirlərindən biri sayılan və hər il Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan “Kültür Yolu” Festivalında geniş şəkildə təmsil olunacaq.
Hər iki ölkənin Mədəniyyət nazirliklərinin və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə, 22 avqust tarixində festival çərçivəsində “Can Azərbaycandan Sevgilərlə” adlı möhtəşəm konsert proqramı keçiriləcək.
Konsert, Erzurum şəhərinin ən mötəbər mədəniyyət məkanlarından biri olan Erzurum İbrahim Erkal Dadaş Mədəniyyət və İncəsənət Sarayında baş tutacaq. Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, məşhur xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə Qarabağ Muğam Qrupu səhnəyə çıxacaq. Qrupun ifasında klassik Azərbaycan muğamları və sevilən xalq mahnıları səsləndiriləcək.
Proqramda həmçinin gənc nəsli təmsil edən, beynəlxalq muğam müsabiqəsinin laureatı, istedadlı ifaçı Aytən Məhərrəmova, Xalq artisti, ustad tarzən Elçin Həşimov, Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov, nağara ustası Elnur Əliyev çıxış edəcəklər.
Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı da milli rəqslərimizi təqdim edərək, tamaşaçılara zəngin folklorumuzdan nümunələr göstərəcək.
Konsert proqramı yalnız Erzurum ictimaiyyəti üçün deyil, həm də festivala qatılan beynəlxalq qonaqlar və musiqisevərlər üçün əsl mədəniyyət bayramı olacaq. Tədbirin əsas məqsədi Azərbaycan xalq musiqisinin və milli mədəniyyətinin Türkiyədə daha geniş tanıdılması, eyni zamanda iki qardaş ölkə arasında mədəni əməkdaşlığın və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsidir.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ