“Cənnət yuxusu” sənədli filmi “Türkiyədə Azərbaycan film günləri” çərçivəsində, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında tələbələrə təqdim olunub.
Tədbirin əvvəlində Azərbaycan Mədəniyyət Mərkəzinin direktör müavini Elnur Hüseynov çıxış edərək görkəmli azərbaycanlı rəssam Mirzə Qədim İrəvaninin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. O bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin formalaşmasında mühüm rol oynayıb və klassik Şərq miniatür ənənələrinin inkişafına böyük töhfələr verib.
Daha sonra Ankara Hacı Bayram Veli Universitetinin müəllimi, tarixçi-alim professor Alper Alp Qərbi Azərbaycanın tarixi və mədəni əhəmiyyətindən, bölgənin zəngin irsindən danışıb.
Azərbaycan Türkcəsi müəllimi Dr. Şəhla İbişova isə Mirzə Qədim İrəvanidən bəhs edərək onun Azərbaycan təsviri sənətində yeni bir dövrün əsasını qoyduğunu vurğulayıb.
Ardınca “Cənnət Röyası” filmi nümayiş etdirilib. Film tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan təsviri sənətində, klassik Şərq ornamentləri və miniatür sənətində Mirzə Qədim İrəvaninin roluna həsr olunan film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Filmin rejissoru Elxan Cəfərov, operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı isə Səbuhi Atababayevdir.




