Bakıda regionun ən böyük kitab sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan Mədəniyyəti -2040” Mədəniyyət Konsepsiyası istiqamətində təşkil olunan regionun ən böyük kitab sərgisi – XII Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək.

“Həyat ekrandan daha böyükdür: Bir uşaq, bir kitab, əsl dünya” şüarı ilə keçiriləcək sərgi uşaqlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsini, kitaba marağın artırılmasını və onların faydalı vərdişlər qazanmasının təşviq edilməsini qarşıya məqsəd qoyur.

Hər il olduğu kimi, bu il də zəngin tədbir proqramı və geniş əməkdaşlıq imkanları ilə çoxsaylı yerli və beynəlxalq nəşriyyatları, poliqrafiya müəssisələrini, kitab mağazalarını və nəşriyyat sahəsində fəaliyyət göstərən mədəniyyət qurumlarını bir araya gətirəcək sərgi, kitab və nəşriyyat sənayesinin mühüm görüş məkanlarından birinə çevriləcək.

Dünyaca tanınmış yazıçıların, eləcə də tədqiqatçı və alimlərin iştirakı ilə müxtəlif formatlarda keçiriləcək görüşlər, təqdimatlar, müəllif hüquqları sahibləri ilə görüşlər, həmçinin yeddi gün ərzində təşkil olunacaq ədəbi-bədii tədbirlər sərgini ilin ən çox gözlənilən ədəbiyyat və mədəniyyət tədbirlərindən birinə çevirəcək.

Sərgidə iştirak etmək istəyənlər üçün qeydiyyat davam edir. İştirakçı qismində sərgidə yer almaq istəyənlər aşağıdakı elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər:

bakubookfair@culture.az

Kitabsevərlər isə sərgini ziyarətçi qismində ödənişsiz ziyarət edə biləcəklər.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ