Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan xalq nağılları Türk dilinə çevrilmiş və Ankarada “Azerbaycan masalları” adlı kitab çap olunub.
Kitabda “Tıq-tıq xanım nağılı”, “Cırtdanın nağılı”, “Şəngülüm Şüngülüm Məngülüm nağılı”, “Keçəl”, “Gözəl Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehirli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd nağılı”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağıllları yer almışdır. Kitabda ümumilikdə 12 nağıl vardır.
Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kultroloq Mətanət Hüseynova, nağıllar üzrə çəkilmiş rəsmlərin müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür.
Azərbaycan xalq nağılları şifahi Azərbaycan ədəbiyyatının ən qiymətli janrlarından biri kimi cəmiyyətin köklü ənənələrini, zəngin mədəni irsini, dərin dünyagörüşünü əks etdirir.
Nəsildən-nəslə ötürülən bu nağıllar təkcə keçmişin dəyərlərini yaşatmır; Bu, həm də uşaqların estetik zövqünün inkişafına, təxəyyülünün zənginləşməsinə və dünyagörüşünün formalaşmasına öz töhfəsini verir.
Qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatı və onun əsas janrı olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim və zəngin ənənələrə malik olduğunun göstəricisidir.




