İyunun 29-dan iyulun 3-dək Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” keçiriləcək.
Elm və mədəniyyət sahələrini əhatə edən silsilə tədbirlərdən ibarət olan həftə Azərbaycan Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil ediləcək.
“Türk Dünyası Həftəsi” Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlığı ilə keçiriləcək.
Həftənin əsas tədbiri “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olacaq. İyunun 29-da Heydər Əliyev Mərkəzində keçiriləcək rəsmi açılış mərasimində türk respublikaları da daxil olmaqla 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq alim və beynəlxalq türk təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Açılış çərçivəsində Qurultaya həsr olunmuş interaktiv sərgi və qısametrajlı film də təqdim ediləcək.
Həmin gün Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universiteti tərəfindən “Türk dillərinin, ədəbiyyatlarının və tarixlərinin tədrisi müasir dövrün çağırışları kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İyunun 30-da AMEA-nın Rəyasət Heyətinin binasında “Türk tarix narrativləri və ideoloji yanaşmalar” mövzusunda panel müzakirələri təşkil olunacaq. Elə həmin gün Dənizkənarı Milli Parkda konsert proqramı təqdim ediləcək.
İyulun 1-də konqres iştirakçıları üçün Qarabağa səfər təşkil ediləcək. Ağdam, Şuşa və Xankəndini əhatə edən səfər çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Həmin gün Ağdam Muğam Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin eyniadlı əsəri əsasında hazırlanmış “İblis” tamaşası nümayiş etdiriləcək.
İyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda panel keçiriləcək. Müzakirələrin yekununda “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən sessiyaların nəticələrini əks etdirən, türkologiyanın gələcək inkişaf istiqamətlərini, strateji çağırışlarını və ortaq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən yekun sənədin qəbul edilməsi planlaşdırılır.




