Antalyada keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında Azərbaycan qrupunun çıxışları böyük maraqla qarşılandı.
Türkiyənin Antalya şəhərində 13 sentyabr 2024-cü il tarixində üçüncü dəfə təşkil edilən Beynəlxalq Yörük Türkmən Festivalında Azərbaycan ruhu əsdi. Unudulmaz anların yaşandığı festivalda təqdim olunan çıxışlar iştirakçıların böyük rəğbətini qazandı. Azərbaycanlı sənətçilərin verdiyi konsertlər isə rəngarəng görüntülərə səhnə oldu.
Dünyanın bir çox ölkəsindən və Türk dövlətlərindən çoxsaylı qonaqların qatıldığı festivalda Azərbaycanı, Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil etdi. Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə keçirilən festivalda ziyarətçilər, festival ərazisində qurulan milli çadırda qarşılandı.
Azərbaycanın zəngin mədəni irs nümunələrinin nümayiş etdirildiyi çadırı festivalın təşkilatçısı, Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcək ziyarət etdi. Azərbaycan heyətinə göstərdiyi dəstəyə görə Bələdiyyə Başçısı Muhittin Böcəkə təşəkkür edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ona Şuşa şəhərinin təsvir olunduğu Azərbaycan xalçası hədiyyə etdi.
Festival çərçivəsində müxtəlif tədbirlər keçirildi, Azərbaycanın milli mədəniyyətini əks etdirən folklor nümayişləri isə bayrama xüsusi rəng qatdı. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən HAZAR Azərbaycan Xalq Rəqsləri Ansamblının çıxışları tamaşaçılar tərəfindən böyük alqış topladı. Bununla yanaşı, festivalda iştirak edən azərbaycanlı sənətçilərin canlı ifaları da ziyarətçilərdən tam qiymət aldı.
Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova Azərbaycan milli musiqilərindən parçalar təqdim edərkən, Pərviz Musayevin ifa etdiyi tar musiqisi dinləyicilərin könlünü oxşadı. “Çırpınırdın Qara dəniz” mahnısı ilə qəlblərdə xüsusi yer tutan Azərin isə ifa etdiyi əsərlərlə antalyalıları coşdurdu, milli duyğuları alovlandıran çıxışa imza atdı.




