Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının tələbələri üçün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Yay məktəbi – Bakı” proqramı təşkil olunub.
Proqram çərçivəsində Azərbaycan Yazıçılar Birliyində görüş təşkil olunub.
Görüşdə AYB-nin sədri Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Kamal Abdulla, Xalq şairi Vahid Əziz, yazıçı-professor Hüseynbala Mirələmov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid iştirak ediblər.
Görüş zamanı yazıçılar və ədəbiyyat nümayəndələri Azərbaycan dilinin zənginliyi, milli ədəbiyyatın inkişaf yolu və yaradıcılıq prosesi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Çıxışlarda Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Dr. Şəhla İbişova çıxışında Mərkəzin fəaliyyəti, Azərbaycan dilinin Türkiyədə tədrisi istiqamətində həyata keçirilən layihələr və tələbələrin Bakı səfərinin əhəmiyyəti barədə məlumat verib.
Ədəbiyyat nümayəndələri bu kimi layihələrin Azərbaycanın Türkiyədə daha yaxından tanıdılması, Azərbaycan dilinin, ədəbiyyatının və milli-mədəni dəyərlərinin təbliği baxımından mühüm rol oynadığını qeyd ediblər.
Görüş iştirakçıların ədəbiyyat nümayəndələrinə ünvanladıqları suallar və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Görüşün sonunda yazıçılar öz kitablarını imzalı şəkildə iştirakçılara hədiyyə ediblər, xatirə şəkilləri çəkilib.




