Azərbaycan Mədəniyyət Mərkəzindən Qars Qafqaz Universitetinə kitab hədiyyəsi

Türkiyənin Qars Qafqaz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası üzrə müəllim və tələbələrlə görüş keçirilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qafqaz Universitetinin Heydər Əliyev Təhsil Mərkəzinə Azərbaycan dilini, ədəbiyyatını və mədəni irsini tanıdan kitablar hədiyyə edilib.

Hədiyyə olunan kitablar arasında Azərbaycan türkcəsini, ölkəmizin zəngin ədəbi irsini, klassik və müasir ədəbiyyatını, milli mədəniyyətini və fikir dünyasını əks etdirən əsərlər yer alıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qafqaz Universitetinin Təbiət Elmləri və Ədəbiyyat Fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün Azərbaycan Türkcəsi və Ədəbiyyatı kafedrasının müəllim və tələbələri ilə Heydər Əliyev Təhsil Mərkəzində görüşüb.

Görüş zamanı Mərkəzin Türkiyədə Azərbaycan dilinin, ədəbiyyatının və mədəni irsinin tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verilib.

Azərbaycanın klassik və müasir ədəbiyyatının seçilmiş nümunələrinin Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunduğunu bildirən Samir Abbasov bu fəaliyyətlərin ortaq ədəbi irsimizin tanıdılmasına və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Qafqaz Universitetinin Azərbaycan Türkcəsi və Ədəbiyyatı kafedrasının müdiri, professor İlkin Gülüsöy və professor Hacıali Nəcəfoğlu isə kafedranın fəaliyyəti, tədris istiqamətində görülən işlər və akademik hədəfləri barədə məlumat veriblər.

Alimlər Azərbaycan Mədəniyyət Mərkəzi ilə ana dilimizin, ədəbiyyatımızın və ortaq mədəni dəyərlərimizin tanıdılması istiqamətində birgə layihələrin hazırlanmasının və həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ