Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ortaq dəyərlərimiz və milli mədəniyyətimizlə bağlı Türkiyədə davamlı və gələcəyə hesablanmış layihələr həyata keçirir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Gelişim Erzurum” Dərnəyinin rəhbəri Lokman Lokmaçı ilə görüş keçirmişdir.
Görüş zamanı Lokman Lokmaçının Türkiyədə “Qardaşlıq Muzeyi”nin yaradılması istiqamətində uzunmüddətli fəaliyyəti və əldə etdiyi uğurlar, həmçinin dostluq və qardaşlıq münasibətlərimizi təbliğ edən “Gelişim Erzurum” dərgisinin gördüyü xidmətlər yüksək qiymətləndirilmişdir.
Müzakirələrdə mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin və ortaq dəyərlərimizin Türkiyədə tanıdılması məqsədilə əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Toplantı çərçivəsində, Erzurum şəhərində yaradılması nəzərdə tutulan “Qardaşlıq Yardımlaşma Muzeyi”nin binası ziyarət olunmuş, gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.



