Dekabrın 5-11-də İslam Əməkdaşlıq Təşkilatı, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək.
Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas istiqamətlərdəndir.
50-dən çox ölkədən qonağın iştirak edəcəyi Yaradıcı Həftə çərçivəsində təqdim olunacaq kino, teatr, dəb, dizayn, musiqi, oyun texnologiyaları, rəqəmsal yaradıcılıq və startap sahələrinə yönəlmiş panellər, nümayişlər, sərgilər və digər fəaliyyətlər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıdacaq.
Festival günlərində “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB) və digər təqdimatlar olacaq.
Qeyd edək ki, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” tədbirində qardaş Türkiyə ayrıca stend və nümayəndə heyəti ilə iştirak edəcək.



