Azərbaycan Ankarada beynəlxalq moda sərgisində geniş təmsil olunur

Ankaradakı “ATO Congresium” Sərgi və Konqres Mərkəzində “Capital of Fashion COF’26” Beynəlxalq Hazır Geyim və Moda Sərgisi keçirilib.

Sərgidə Azərbaycan da geniş şəkildə təmsil olunub.

Anadolunun ən böyük sərgi tədbirlərindən biri hesab olunan tədbir Türkiyədən, eləcə də müxtəlif ölkələrdən moda və hazır geyim sektorunun nümayəndələrini, şirkətləri, dizaynerləri və ziyarətçiləri bir araya gətirib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz beynəlxalq sərgidə geniş şəkildə təmsil olunur.

Sərgi çərçivəsində keçirilən moda nümayişində Azərbaycanın “Taylors Home” geyim və parça butikinin hazırladığı gəlinlik kolleksiyası böyük maraq doğurub. Kolleksiyaya daxil olan 10 fərqli gəlinlik türk modellər tərəfindən nümayiş etdirilib. Azərbaycan moda sektorunun estetik zövqünü və zərif dizayn yanaşmasını əks etdirən kolleksiya sərgi iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Ankara Moda Sərgisi yeni moda trendlərinin və kolleksiyaların təqdim olunduğu, sektor nümayəndələri arasında yeni əməkdaşlıqların qurulmasına imkan yaradan mühüm beynəlxalq platformalardan biri hesab olunur.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək beynəlxalq sərgidə Türkiyənin və dünyanın hazır geyim və moda sektorunda fəaliyyət göstərən aparıcı şirkət və brendləri təmsil olunur.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ