Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, o cümlədən Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız və digər qonaqlar iştirak edirlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.



