Antalya Kitabxanasında Azərbaycan Bölməsinin təntənəli açılışı gerçəkləşdi

Azərbaycan Bölməsinin açılışı 1-ci Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında keçirilib.
Bölmə, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Antalya Kepez Bələdiyyəsinin dəstəyi, Səfirlik nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin birgə layihəsi əsasında yaradılıb.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazğan və Antalya Kepez bələdiyyə başçısı Mesut Kocagöz iştirak ediblər.

Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycan Bölməsi barədə məlumat verib. O bildirib ki, Azərbaycan Bölməsində ölkəmizlə bağlı müxtəlif nəşrlərin 700 nüsxəsi mövcuddur. Digər çıxış edənlər də kitabxanada Azərbaycan Bölməsinin yaradılmasını yüksək qiymətləndirərək, bunun iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar. Daha sonra bölmənin rəmzi açılışı üçün lent kəsilib.

Tədbirin ardınca kitabxana üzrə ümumi ekskursiya təşkil olunub. Məlumat verilib ki, 24 saat fəaliyyət göstərən kitabxananın 100.000 qeydiyyatdan keçmiş oxucusu var, onlardan 1.000 nəfəri Azərbaycan vətəndaşıdır.

Kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və şanlı Zəfərimiz haqqında nəşrlər yer alır.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ