Türkiyənin Ankara şəhərinin tarixi Beypazarı rayonunda 26–28 sentyabr tarixlərində keçirilən 28-ci Beynəlxalq Beypazarı Festivalı zəngin proqramı və beynəlxalq iştirakçıları ilə diqqət mərkəzinə çevrildi. Beypazarı Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan festival həm Türkiyədən, həm də xarici ölkələrdən gələn qonaqları bir araya gətirərək mədəniyyət, sənət və dostluq körpüsü qurdu. Beypazarı Festivalı bölgənin qədim tarixini, milli dəyərlərini və zəngin sənət irsini dünyaya tanıtmaq məqsədi daşıyır. Ziyarətçilər burada qədim memarlığı, türk-Osmanlı dövrünün ruhunu yaşadan küçələri, yerli mətbəxin unikal ləzzətlərini, el sənətkarlarının əsərlərini və xalq rəqslərini görmək imkanı əldə etdilər. Festival çərçivəsində müxtəlif konsertlər, rəqs və moda nümayişləri, sənət sərgiləri, xalq oyunları və interaktiv ustad dərsləri təşkil olundu.
Festivalda Azərbaycan da fəal iştirak etdi. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan xalq rəqsləri qrupu möhtəşəm çıxışı ilə böyük maraq doğurdu və Azərbaycan mədəniyyətini, milli rəqs irsini zövqlə təqdim edərək tamaşaçılardan alqış topladı. Bu iştirak həm Azərbaycan-Türkiyə qardaşlığının, həm də mədəni əməkdaşlığın gözəl nümunəsi oldu.
Beypazarı əsrlərin izlərini daşıyan daş küçələri, Osmanlı dövrünə məxsus evləri, zəngin kulinariyası ilə seçilir. Festival zamanı həm yerli sakinlər, həm də ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar qədim şəhərin ruhunu yaşadı, turizm və iqtisadi canlanmaya töhfə verildi.



