Azərbaycan Mədəniyyət Mərkəzində Mövlana Araşdırmaları Dərnəyinin Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması, Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və əsərlərinin türk dilinə tərcümə olunması istiqamətində gördüyü işlər müzakirə edilib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ankarada fəaliyyət göstərən Mövlana Araşdırmaları Dərnəyinin sədri və Adnan Karaismailoğlu ilə görüşüb.
Görüş zamanı Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması, xüsusilə də Nizami Gəncəvi irsinin yaşadılması məqsədilə aparılan tədqiqatlar, tərcümə fəaliyyəti, mədəni tədbirlər və layihələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Mövlana Cəlaləddin Rumi ilə Nizami Gəncəvinin düşüncə dünyasını və ortaq dəyərlərini əks etdirən birgə layihənin həyata keçirilməsi məsələsi də müzakirə olunub.
Görüşün sonunda Prof. Dr. Adnan Karaismailoğlu Nizami Gəncəvinin “Xəmsə”sinin ilk əsəri olan və orijinal mətndən türk dilinə tərcümə etdiyi “Sırlar Hazinesi” kitabını, eləcə də bu sahədə nəşr olunmuş elmi məqalələrini Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.




