Ankarada keçirilən beynəlxalq çay festivalında Azərbaycanın geniş təmsilçiliyi

Səudiyyə Ərəbistanının Türkiyədəki Səfirliyi tərəfindən Ankarada diplomatik missiya rezidensiyasında təşkil olunan “Asiya və Sakit Okeanına Çay Səyahəti” adlı beynəlxalq çay festivalında Azərbaycan da geniş şəkildə təmsil olunub.
Ankarada Səudiyyə Ərəbistanı Səfirliyində keçirilən və müxtəlif ölkələrin yerli çay məhsullarının, milli yeməklərinin təqdim olunduğu tədbirdə Türkiyə Xarici İşlər nazirinin müavini Zeki Levent Gümrükçü, diplomatik missiya nümayəndələri və yüksək səviyyəli rəsmi şəxslər iştirak ediblər.
Ölkəmizi festivalda Azərbaycanın Türkiyədəki Səfirliyi və Səfirliyə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Mərkəz tərəfindən qurulan stenddə milli mədəniyyətimizə aid çay dəsti, Azərbaycan çayı, milli şirniyyatlar, mürəbbələr, milli mətbəximizdən nümunələr, hədiyyəlik əşyalar, milli geyimli kuklalar, kəlağayılarımız və xalçalar nümayiş etdirilib.
Festivalda Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan, Küveyt, Pakistan, Qazaxıstan, Türkmənistan, Avstraliya, Qırğızıstan, Cənubi Koreya, Hindistan, Şri-Lanka, Kamboca, İran, Livan və Tayland kimi ölkələr stendlər quraraq öz çay mədəniyyətlərini təqdim ediblər.
Açılış mərasimindən sonra iştirakçı ölkələri təmsil edən musiqi və rəqs qruplarının çıxışları təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzinə bağlı “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının nümayiş etdirdiyi milli rəqslər tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ