Ankarada Heydər Əliyev Parkında Ekoloji mədəniyyətə dair“Ətraf mühit şənliyi” festivalı keçirilib.

Ankarada Heydər Əliyev Parkında beynəlxalq ətraf mühitin mühafizəsi günü münasibəti ilə “Yaşıl Qardaşlıq, ortaq təbiət, ortaq gələcək: Çevrə şənliyi” festivalı keçirilib.

Ankara şəhər Yeni Məhəllə Bələdiyyəsinin hazırladığı tədbirə Azərbaycanın Türkiyədəki Səfirliyi, Səfirlik nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, ekoloji mədəniyyət və maarifləndirmə, iqlim dəyişikliyi ilə əlaqədar təşkilatların, şirkətlərin rəhbərləri, təmsilçiləri, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Ankara şəhər Yeni Məhəllə Bələdiyyəsi rəhbəri Fethi Yaşar dünyamızın təbiətini qorumaq, onun flora və faunasını bəsləmək bəşəriyyətdə yaşayan hər bir vətəndaşın və insanın borcu olduğunu söyləyib.

O, dünya əhalisinin və urbanizasiyanın sürətlə artması, yaşıllıqların, meşə sahələrinin azalması, su ehtiyatlarının tükənməsi, buzlaqların əriməsi, tez-tez meşə yanğınları, quraqlığın artmasını bəşəriyyəti narahat edən əsas məsələlər olduğunu qeyd edib və gələcək nəsillərimizin bu sahədə bilik və maarifləndirilməsinin önəmli olduğunu vurğulayıb.  

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, ölkələrimizin dünyada ətraf mühitin qorunması, təmiz ekologiya, yaşıl enerji, ekoloji mədəniyyətin formalaşmasına dəstəklə bağlı layihələri barədə məlumat verib. S.Abbasov, 2024-cü ildə  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə  Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ölkəmizin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yaşıl enerji bölgələri elan edildiyini, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda COP – 29 dünyanın ən böyük iqlim konfransının keçirilməsinin Azərbaycanın ekoloji siyasətini göstərməklə yanaşı, bir daha dünya dövlətlərinin Azərbaycana göstərdiyi hörmət və etimadın göstəricisi olduğunu qeyd edib. O, hazırki dövrdə uşaq və gənclərdə ekoloji mədəniyyətin formalaşması, onların təbiətə qayğısı haqqında danışıb.

Daha sonra Festival çərçivəsində Heydər Əliyev parkında tədbirlər üçün amfiteatrda konsert proqramı təqdim edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” – Azərbaycan xalq Rəqsləri Ansamblının və Ankara məktəblilərinin çıxışları maraqla qarşılanıb.

Heydər Əliyev Parkının Mərkəzi meydanında Ankara şəhər Yeni Məhəllə Bələdiyyəsi ərazisində ətraf mühitin mühafizəsi, təbiətin çirklənmədən qorunması, tullantıların təkrar emalı, uşaq və gənclərdə ekoloji mədəniyyətin formalaşdırılması ilə əlaqədar açılmış sərgi təşkil edilib. Azərbaycan Mədəniyyət Mərkəzi də dövlətçiliyimiz, milli mədəniyyətimiz, ölkəmizin təbiəti, ekologiyasına dair sərgisi təqdim olunub. 

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ