Ankarada “Ekoloji Mədəniyyət” mövzusunda “Ətraf Mühit Festivalı” keçirilib

5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Ankaranın Yeni Mahalle Bələdiyyəsinin təşkilatçılığı ilə Haydar Əliyev Parkında “Yaşıl qardaşlıq, ortaq təbiət, ortaq gələcək: Ətraf Mühit Festivalı” adlı tədbir keçirilib.
Festivalda Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, ekoloji mədəniyyət və maarifləndirmə, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət göstərən təşkilat və şirkətlərin rəhbərləri və nümayəndələri, müxtəlif məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, ölkələrimizin ətraf mühitin qorunması, təmiz ekologiya, yaşıl enerji və ekoloji mədəniyyətin formalaşmasına verdikləri dəstək barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Eyni zamanda Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarının “yaşıl enerji zonaları” elan edilməsi və ötən il Bakıda dünyanın ən böyük iqlim konfransı – COP29-un keçirilməsi Azərbaycanın ətraf mühit siyasəti ilə yanaşı, dünya dövlətlərinin ölkəmizə göstərdiyi hörmət və etimadın göstəricisidir.
Çıxışlarda həmçinin, uşaqlarda və gənclərdə ekoloji mədəniyyətin formalaşması, təbiətə qayğı hissinin aşılanmasının vacibliyi qeyd olunub. Vurğulanıb ki, Yer kürəsinin təbiətini qorumaq, flora və faunasını zənginləşdirmək hər bir insanın vətəndaşlıq borcudur. Dünya əhalisinin və şəhərləşmənin sürətlə artması, yaşıl ərazilərin və meşələrin azalması, su ehtiyatlarının tükənməsi, buzlaqların əriməsi, meşə yanğınları və quraqlığın artması bəşəriyyətin üzləşdiyi əsas problemlərdəndir. Bu baxımdan gələcək nəsillərin bu sahədə maariflənməsi və təhsil alması xüsusi önəm daşıyır.
Festival çərçivəsində Türkiyə hökumətinin dəstəyi ilə həyata keçirilən “Sıfır Atık” layihəsinə də toxunulub. Layihənin məqsədinin israfın qarşısının alınması, resurslardan daha səmərəli istifadə olunması, tullantıların yaranma səbəblərinin araşdırılaraq qarşısının alınması və ya minimuma endirilməsi, tullantıların yerində çeşidlənməsi və təkrar emal edilməsi olduğu qeyd edilib.
Daha sonra Haydar Əliyev Parkının amfiteatrında konsert proqramı təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı və Ankaralı məktəblilərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Festival çərçivəsində Haydar Əliyev Parkının mərkəzi meydanında ətraf mühitin qorunması, təbiətin çirklənmədən mühafizəsi, tullantıların təkrar emalı və uşaqlarda və gənclərdə ekoloji mədəniyyətin formalaşmasına həsr olunmuş sərgi də təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzində isə dövlətçiliyimiz, milli mədəniyyətimiz, ölkəmizin təbiəti və ekologiyası mövzusunda sərgi təqdim olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ