Ankaranın 2026-cı il üçün “Türk Dünyasının Turizm Paytaxtı” elan olunması münasibətilə Türkiyənin paytaxtında “8-ci Beynəlxalq Türk Dünyası Turizm Konqresi və Gənclik Şöləni” keçirilir.
Turizm Akademikləri Dərnəyi ilə Türk Dünyası Gənclik Vəqfinin birgə təşkilatçılığı və Ankara Hacı Bayram Veli Universitetinin ev sahibliyi ilə təşkil olunan tədbir 25–27 sentyabr 2026-cı il tarixlərini əhatə edir.
Tədbir çərçivəsində türk dövlətlərinin milli mədəniyyətinin, turizm potensialının və ortaq dəyərlərinin tanıdıldığı stendlər açılıb.
Proqramda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edir. Mərkəz tərəfindən hazırlanan Azərbaycan stendində ölkəmizin zəngin mədəni irsi, milli dəyərləri, ənənəvi sənət nümunələri, turizm imkanları, eləcə də Azərbaycanın Türk dünyasının ortaq mədəni irsində tutduğu mühüm yer nümayiş və təbliğ olunur.
Ziyarətçilərin böyük maraq göstərdiyi Azərbaycan stendi tədbirin diqqətçəkən mədəni təqdimat məkanlarından birinə çevrilib. Stenddə ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanlarını əks etdirən müxtəlif materiallar təqdim olunur.
Konqres və Gənclik Şöləni çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin İtri Salonunda türk dövlətlərinin milli musiqi və rəqslərinin təqdim edildiyi xüsusi mədəni proqram da təşkil olunub.
Üç gün davam edən tədbirin əsas məqsədlərindən biri Türk dünyası ölkələrinin turizm potensialının tanıdılması, ortaq mədəni dəyərlərin təbliği, ölkələr arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin gənclər arasında əlaqələrin gücləndirilməsidir.



