Ortaq dəyərlərimizin və Azərbaycan milli mədəniyyətinin tanıdılması məqsədilə Amasya Azərbaycan Dostluq Dərnəyinin üzvləri ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Amasya Azərbaycan Dostluq Dərnəyinin üzvləri və şəhərin ziyalıları ilə bir araya gəlib.
Görüş zamanı Amasya ilə bağlı ortaq tarixi və mədəni dəyərlər, eləcə də Azərbaycan–Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi məqsədilə həyata keçirilə biləcək layihələr müzakirə olunub.
Toplantıda Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq dostluq və qardaşlıq münasibətlərimizi daha da gücləndirəcək layihə və tədbirlərin həyata keçirilməsinə dair təkliflər səsləndirilib.
Amasya Azərbaycan Dostluq Dərnəyinin başqanı Mustafa Koçak çıxışında bildirib ki, dərnək ötən il Azərbaycan milli mədəniyyətinin Amasyada tanıdılması, həmçinin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə yaradılıb. O qeyd edib ki, dərnəyin tərkibində Azərbaycan əsilli vətəndaşlarla yanaşı, yerli türk qardaşlarımız və şəhərin ziyalıları da təmsil olunurlar.
Görüşdən sonra iştirakçılar Amasyada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış parkı ziyarət edərək, abidə önünə gül dəstələri və çiçəklər düzüblər.




