13 dekabr tarixində İstanbulda 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin rəsmi açılışı keçirilib. İstanbulun TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan sərgi bu il “Ədəbiyyatın hər hali” mövzusu altında keçirilir.
Dünyanın müxtəlif ölkələrindən təxminən 900 nəşriyyatın iştirak etdiyi sərgidə Azərbaycanla yanaşı, 10-u türk dövləti olmaqla ümumilikdə 14 ölkədən 74 nəşriyyat təmsil olunur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sərgidə xüsusi stend qurulub. Stenddə müxtəlif ədəbi, tarixi və digər janrlarda nəşrlər, eləcə də ölkəmizin nəşriyyatlarının iştirakı ilə təşkil olunan panel müzakirələri təqdim edilir. Həmçinin stenddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə böyük liderin əziz xatirəsinə həsr olunmuş xüsusi sərgi guşəsi yaradılıb.
Sərginin rəsmi açılış mərasiminə Türkiyə Yayıncılar Birliyinin sədri Kenan Kocatürk, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TÜYAP Mədəniyyət Sərgiləri Məsləhət Şurasının sədri Doğan Hızlan, Böyükçekmece valisi Ali İkram Tuna, həmçinin müxtəlif rəsmi qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.
Qeyd edək ki, 17 dekabr tarixinədək davam edəcək sərgi çərçivəsində azərbaycanlı və türk alimlərin iştirakı ilə panel iclasları, təqdimatlar və kitab imza günləri keçiriləcək. İstanbul Beynəlxalq Kitab Sərgisi hər il nəşriyyat sahəsində dünyanın ən mötəbər və genişmiqyaslı tədbirlərindən biri kimi yüz minlərlə ziyarətçini cəlb edir.



