Qarsda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində möhtəşəm konsert və milli geyimlərin moda nümayişi keçirilib

Türkiyənin Qars şəhərində Azərbaycan İncəsənət Həftəsi çərçivəsində ölkəmizin zəngin mədəni irsinin, milli musiqi və rəqs sənətinin, eləcə də ənənəvi geyim mədəniyyətinin təqdim olunduğu geniş konsert proqramı və moda nümayişi təşkil edilib.

Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında, Qars Bələdiyyəsinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə həyata keçirilib.

Mədəniyyət proqramında Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət və ictimai qurumların nümayəndələri, mədəniyyət xadimləri və çoxsaylı Qars sakinləri iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq münasibətləri, ortaq tarixi və mənəvi dəyərlər, milli mədəniyyətimiz haqqında məlumat verilib.

Proqram çərçivəsində ilk olaraq Azərbaycan milli geyimlərinin moda sərgisi nümayişi keçirilib. Bakı Milli Geyim Evinin və gənc dizayner Leyla Babazadənin kolleksiyaları Qars Kafkas Universitetinin tələbələrinin iştirakı ilə təşkil olunan dəfilədə nümayiş etdirilib.

Kolleksiyalarda Azərbaycanın müxtəlif bölgələrinə xas ənənəvi bəzək motivləri müasir qadın geyimləri ilə vəhdətdə təqdim olunub. Milli ornamentlərin, naxışların və rəng çalarlarının müasir dizayn həlləri ilə birləşdirildiyi libaslar Azərbaycan geyim mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirib.

Daha sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə rəngarəng konsert proqramı təqdim edilib.

Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, tanınmış vokal ifaçıları İlkin Dövlətov və Elgün Quliyev Azərbaycan musiqisinin müxtəlif janrlarına aid əsərlər səsləndiriblər. Milli musiqimizin zəngin melodiyaları, xalq mahnıları və sevilən bəstəkar əsərləri tamaşaçıların alqışları ilə qarşılanıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqs Ansamblı da maraqlı proqramla çıxış edib. Kollektivin ifasında təqdim olunan “Cəngi”, “Mirzəyi-Vağzalı” və “Uzundere”rəqsləri Azərbaycan xalqının qədim folklor ənənələrini, milli rəqs sənətinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirib.
Azərbaycan musiqisinin, milli rəqslərinin və geyim sənətinin təqdim olunduğu konsert proqramı iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ