Azərbaycan Mədəniyyət Mərkəzi, Küçükçekmece Bələdiyyəsi, Xan Şuşinski Fondu və Xəzər Folklor, Təhsil və Araşdırma Mərkəzinin birgə layihəsi çərçivəsində təşkil olunan “İki dövlət – bir səhnə, Qardaş nəğmələr: Azərbaycan gecəsi” bu gün İstanbulda sənətsevərlərlə görüşəcək.
Azərbaycan İncəsənət Həftəsi çərçivəsində Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində saat 18:00-da başlayacaq proqramda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri musiqi və xalq rəqsləri vasitəsilə səhnədə təqdim olunacaq.
Gecədə Azərbaycanın tanınmış sənətçiləri İlahə Qasımova və İlkin Dövlətov səhnəyə çıxacaqlar. Proqram çərçivəsində, həmçinin ənənəvi Azərbaycan musiqisi səsləndiriləcək, “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı rəqs nümunələri təqdim edəcək.
Tədbir çərçivəsində müasir Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də sənətsevərlərin ziyarətinə açılacaq.



