Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Qazi Universitetində təşkil etdiyi Azərbaycan Türkçəsi Kurslarına yeni tələbə qəbuluna başlayıb.
Kursların əsas məqsədi Azərbaycan dilini və mədəniyyətini təbliğ etmək, iştirakçıları Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli dəyərləri ilə daha yaxından tanış etməkdir.
Kursa müraciət edə bilərlər:
- ən azı bakalavr təhsili olan və ya hazırda Ankaranın hər hansı universitetində təhsil alan Türkiyə vətəndaşları, eləcə də digər xarici ölkə vətəndaşları;
- Azərbaycana, onun dilinə, ədəbiyyatına və mədəniyyətinə maraq göstərən şəxslər;
- Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti istiqamətində elmi tədqiqat aparan şəxslər;
- təhsilini Azərbaycan universitetlərində davam etdirmək istəyən şəxslər.
Kurs başlanğıc səviyyəsində və əyani formatda keçiriləcək. Ehtiyac yarandığı təqdirdə, paralel olaraq orta səviyyə üzrə ayrıca qrupun açılması da nəzərdə tutulur.
Dərslər həftədə iki dəfə – bazar ertəsi və çərşənbə axşamı günləri təşkil olunacaq. Bundan əlavə, həftədə bir dəfə iştirakçıların danışıq bacarıqlarının inkişaf etdirilməsinə və Azərbaycan mədəniyyətini daha yaxından tanımalarına yönəlmiş sərbəst proqramların keçirilməsi nəzərdə tutulur.
Tədris proqramının ümumi müddəti 5 ay olacaq. 6-cı ay isə imtahana və sertifikatlaşdırma proqramına ayrılacaq.
Kursda ən azı 80 faiz davamiyyət tələb olunur.
Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə sertifikatı təqdim ediləcək.
Qeydiyyat üçün son müraciət tarixi: 10 oktyabr 2026-cı il
Dərslərin başlanma tarixi: 15 oktyabr 2026-cı il
Müraciət üçün tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsi;
- fotoşəkil;
- CV;
- niyyət məktubu;
- tövsiyə məktubu.
Müraciətlər yalnız PDF formatında və elektron poçt vasitəsilə qəbul ediləcək. Namizədlərin seçimi müsahibə əsasında aparılacaq.
Qeyd edək ki, kurs müddətində tələbələr üçün tanınmış ziyalılarla görüşlərin, Azərbaycan mədəniyyəti və milli dəyərlərinə həsr olunmuş seminarların, açıq dərslərin və müxtəlif mədəni proqramların təşkili planlaşdırılır.
Kursa qeydiyyat ödənişsizdir.
E-poçt: azerbaycandilikurslari@gmail.com
Əlaqə nömrəsi: +90 507 099 88 45
Ünvan: Qazi Universiteti, Hersek binası, “Azerbaycan Türkçesi Eğitim Ocağı”



