Ortaq dəyərlərimiz və tariximizin araşdırılması, bu istiqamətdə layihələrin həyata keçirilməsi Ərzurumda müzakirə olunub.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ərzurum Atatürk Universitetinin Tarix kafedrasının professoru Betül Aslan ilə görüşüb.
Ərzurumda keçirilən görüşdə Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni irsi, tariximizin müxtəlif dövrlərində iki qardaş xalq arasında həyata keçirilən “Kardeş Kömeği” (Qardaş Yardımı) layihəsi və bu istiqamətdə aparılan akademik araşdırmalar müzakirə olunub.
Görüş zamanı professor Betül Aslanın Birinci Dünya müharibəsi illərində Azərbaycan türklərinin Anadolu türklərinə göstərdiyi yardımları və Bakı Müsəlman Xeyriyyə Cəmiyyətini araşdıran elmi işləri, eləcə də “Türkiyə – Azərbaycan münasibətləri və İbrahim Əbilov (1920–1923)” və Azərbaycanda latın əlifbasına keçid prosesi çərçivəsində “Yeni Yol” qəzeti ilə bağlı tədqiqatları haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə ortaq tariximizin və mədəni irsimizin daha geniş auditoriyaya tanıdılması, akademik araşdırmaların dəstəklənməsi və bu istiqamətdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr barədə müzakirələr aparılıb.




