Ankarada “Azərbaycan – Yeni Dövr” kitabının təqdimat mərasimi geniş iştirakla keçirilib 

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, İRS Nəşriyyatı və PAŞA Həyat Sığorta Şirkətinin birgə təşkilatçılığı, Türkiyənin Milli Kitabxanasının ev sahibliyi ilə keçirilən tədbir kitabxananın Yunus Əmrə Konfrans Salonunda baş tutub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, elm adamları, yazıçılar, kitabxanaçılar və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əziz şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Proqramın moderatoru mədəniyyət tarixçisi Səlcuq Karakılıç olub.

Tədbirdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin müdiri Taner Beyoğlu, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədov, PAŞA Həyat Sığorta Şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və İstanbul millət vəkili Şamil Ayrım, Türk Dünyası Kitabxanaçılar Fondunun sədri Əli Odabaş, həmçinin İRS jurnalı və İRS Nəşriyyatının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Mərcanlı çıxış ediblər.

Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan qardaşlıq münasibətlərinin, iki ölkə arasındakı strateji əməkdaşlığın və “Azərbaycan – Yeni Dövr” kitabının daşıdığı mədəni və elmi əhəmiyyətin önəmi vurğulanıb.

Tədbirin moderatoru Səlcuq Karakılıç çıxışında 46 il əvvəl Türkiyədə “Can Azərbaycan” ifadəsini səsləndirən şair Yavuz Bülənt Bakiləri ehtiramla xatırlayaraq onun “Azərbaycan şah damarımdır” misrasını yada salıb. O bildirib ki, vaxtilə “boynu bükük diyar” kimi təqdim olunan Azərbaycan bu gün öz milli kimliyini möhkəmləndirmiş, müstəqilliyini gücləndirmiş və regionda söz sahibi olan güclü dövlətə çevrilib.

Türk Dünyası Kitabxanaçılar Fondunun sədri Əli Odabaş isə kitabın yalnız məzmun baxımından deyil, həm də yüksək poliqrafik keyfiyyəti ilə seçildiyini bildirib. O qeyd edib ki, nəşr Türkiyənin müxtəlif şəhərlərindəki kitabxanalarla yanaşı, dünyanın nüfuzlu kitabxanalarına da göndərilməlidir. Bu, Azərbaycanın yaxın tarixinin və Türkiyə–Azərbaycan qardaşlığının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

İRS jurnalı və İRS Nəşriyyatının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Mərcanlı tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. O vurğulayıb ki, “Azərbaycan – Yeni Dövr” kitabı Azərbaycanın son 30 ildə keçdiyi şərəfli inkişaf yolundan bəhs edir. Eyni seriyaya aid altı kitabın Türkiyə türkcəsində nəşr olunmasını rəmzi əhəmiyyətli hadisə kimi dəyərləndirən M. Mərcanlı qeyd edib ki, Azərbaycanın uğurları bütövlükdə Türk dünyasının ortaq uğurlarıdır. O, milli mədəniyyətin və tarixi irsin Azərbaycanın ən böyük dayaqlarından biri olduğunu, bu zəngin irsin dünya ictimaiyyətinə tanıdılmasının böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirin sonunda təşkilatçılıqda əməyi olan Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinə, PAŞA Həyat Sığorta Şirkətinə, Mədəni İrs Araşdırmaları Mərkəzinə, Milli Kitabxanaya, eləcə də tədbirin keçirilməsinə töhfə verən bütün qurum və təşkilatlara təşəkkür ifadə olunub.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ