Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ərzurum Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər İdarəsinin müdiri Ergün Engin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki qardaş ölkə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi, Ərzurumda ortaq tarixi və mədəni dəyərlərimizin tanıdılması, azərbaycanlı sənətçilərin müxtəlif mədəniyyət və incəsənət tədbirlərində, o cümlədən Ərzurumda keçiriləcək “Kültür Yolu” Festivalında iştirakının təmin edilməsi, birgə sərgilərin, muzey layihələrinin və konsert proqramlarının təşkili, eləcə də uzunmüddətli mədəni layihələrin həyata keçirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.




