Ankara Atatürk Liseyi tərəfindən təşkil olunan “Türk Mədəniyyət Festivalı”nda Azərbaycan stendi qurulub və mədəniyyətimiz tanıdılıb.
Festival çərçivəsində stendlər, sərgilər, eləcə də folklor kollektivlərinin musiqi proqramları təqdim olunub.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qurulan Azərbaycan stendi şagirdlər, müəllimlər və ziyarətçilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Azərbaycanın zəngin tarixini, qədim mədəni irsini və əsrlər boyu yaşadılan ənənələrini əks etdirən stenddə ölkəmizi tanıdan məlumat xarakterli nəşrlər, ənənəvi əl sənəti nümunələri, milli naxışlarla hazırlanmış suvenirlər, Azərbaycana məxsus musiqi alətləri, incə xalçaçılıq sənəti nümunələri, şirniyyatlar və Azərbaycan xalq nağıllarından ilham alınaraq hazırlanmış oyuncaqlar nümayiş etdirilib.
Festival boyunca Azərbaycana məxsus milli dəyərlərin təqdim olunması mədəni irsin gələcək nəsillərə ötürülməsinə töhfə verməklə yanaşı, Türk dünyasının ortaq mədəni zənginliyinin daha geniş auditoriyaya çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyıb.




