Azərbaycan rəqs sənətinin öyrədilməsi, tanıdılması və gələcək nəsillərə sevdirilməsi istiqamətində göstərdiyi dəyərli xidmətlərə görə, həmçinin doğum günü münasibətilə “Zəngəzur” Azərbaycan xalq rəqsləri Ansamblının bədii rəhbəri və solisti Gülçöhrə Sibel Sangu Azərbaycan Mədəniyyət Mərkəzinin “Fəxri Mükafatı”na layiq görülüb.
Bu münasibətlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Gülçöhrə Sibel Sanguya “Fəxri Mükafat”ı təqdim edib.
Samir Abbasov çıxışında Gülçöhrə Sibel Sangunun Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblındakı fəaliyyətini, milli rəqslərimizin yaşadılması və tanıdılması istiqamətində göstərdiyi fədakar xidmətləri xüsusi vurğulayıb.
O, həmçinin Gülçöhrə Sibel Sangunun Azərbaycan milli rəqsləri sahəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi kurslar vasitəsilə bu sənətin incəliklərini gənc nəslə sevdirərək çatdırmasını və Türkiyədə Azərbaycan rəqs mədəniyyətinin tanıdılması üçün yorulmadan çalışmasını yüksək qiymətləndirib.
Qeyd olunub ki, Gülçöhrə Sibel Sangu Azərbaycan milli rəqslərinin Türkiyədə bütün platformalarda tanıdılması, bu zəngin mədəni irsin öyrədilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi fədakar fəaliyyətlə Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfələr verir.
“Fəxri Mükafat”a layiq görülməsindən məmnunluğunu ifadə edən Gülçöhrə Sibel Sangu isə Azərbaycan dövləti tərəfindən ona göstərilən bu yüksək diqqət və qiymətə görə təşəkkürünü bildirib. O, bundan sonrakı dövrdə də bütün bilik və təcrübəsini Azərbaycan milli rəqs sənətinin yaşadılmasına, tanıdılmasına və gənc nəslə sevdirilərək ötürülməsinə, həmçinin Türkiyədə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini eyni həvəs və məsuliyyət hissi ilə davam etdirəcəyini qeyd edib.




