Ankarada 7-ci Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş təqdimat və panel müzakirəsi keçirilib

İyunun 9-da Türkiyənin Qazi Universitetində Bakıda keçiriləcək 7-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirəsi təşkil olunub.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə diplomatlar, mədəniyyət xadimləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, müəllimlər və  tələbələr iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Qazi Universitetinin rektor müşaviri professor Selami Candan Anadolu və Azərbaycanda müxtəlif sivilizasiyalara, din və inanclara mənsub insanların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını vurğulayaraq, multikulturalizm ənənələrinin xalqların mənəvi zənginləşməsində mühüm rol oynadığını qeyd edib. Professor Selami Candan bildirib ki, forumun əsas mövzusu olan “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” müasir dövrün çağırışlarına cavab verən geniş strateji baxışı əks etdirir.

Tədbir çərçivəsində əvvəlcə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib.

Daha sonra panel müzakirələri keçirilib. Paneldə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri professor Büent Aksoy, Türkiyə Strateji və Siyasi Araşdırmalar Vəqfinin (TÜRPAV) başqanı doçen Sinan Dəmirtürk çıxış edərək, “Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri” və “Bakı Prosesi”nin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.

Çıxışlarda multikulturalizm sahəsində beynəlxalq təcrübə, Türkiyə və Azərbaycandakı tolerantlıq ənənələri, Azərbaycanın təşəbbüsü ilə yaradılmış əməkdaşlıq və dialoq platformaları müzakirə olunub.

Panelin moderatorluğunu Qazi Universitetinin müəllimi, fəlsəfə doktoru Şəhla İbişova edib.

Müzakirələr zamanı mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq, sülh mədəniyyəti və gənclərin qlobal əməkdaşlığın inkişafındakı rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda panel iştirakçılarının iştirakı ilə sual-cavab sessiyası təşkil olunub, iştirakçılara öz fikir və təkliflərini bölüşmək imkanı yaradılıb.

AZƏRBAYCAN RESPUBLİKASININ TÜRKİYƏ RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN TABELİYİNDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

əlaqə məlumatları

Oran, Diplomatik site, Bakü sokak No.1, 06450 Çankaya-Ankara

© 2026 AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ