Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyədə milli mədəniyyətimizi təbliğ etmək məqsədilə “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihə həyata keçirir.
Sözügedən layihə çərçivəsində Türkiyənin “Ulusal TV” kanalında “Dostluq Karvanı” verilişi yayımlanır və verilişdə Türkiyədə Azərbaycan mədəniyyəti, ortaq dəyərlərimizin tanıdılması sahəsində çalışan önəmli sənət adamları qonaq edilir, onların həyat və yaradıcılıq yolları, milli mədəniyyətimizin təbliği, iki ölkə arasında dostluq münasibətlərinə töhfələri və sənət fəaliyyətləri işıqlanırılır.
“Dostluq Karvanı” verilişində aparıcısı Arzu Əliyevanın bu dəfə qonaqları Türkiyədəki tanınmış Azərbaycan sənətçilər – Nərminə Qəniyeva və Elvin Qəniyev olub.
Verilişdə uzun illərdir Türkiyədə Azərbaycan musiqi sənətinin təbliğində rol oynamış tanınmış pianoçu, Ankara Bilkent Universiteti Musiqi və Səhnə Sənətləri Fakültəsində pedaqoq olaraq çalışan, Bilkent Simfonik Orkestrinin solisti Nərminə Qəniyeva və Azərbaycanın əməkdar artisti və istedadlı gənc skripkaçı Elvin Qəniyev keçdikləri həyat və yaradıcılıq yolu, milli mədəniyyətimizin təbliği sahəsindəki fəaliyyətlərindən bəhs ediblər.
Qeyd edək ki, gənc virtuoz skripka ifaçısı, Prezident təqaüdçüsü, Əməkdar artist Elvin Hoca Qəniyevin adı Azərbaycanın gənc istedadlarının Qızıl kitabına daxil edilib. Elvin Qəniyev professor Sərvər Qəniyevin, habelə professor Zaxar Bronun şagirdidir. Elvin Qəniyev bu gün Azərbaycan və Türkiyə musiqi məktəblərinin ən uğurlu nümayəndələrindən biri kimi beynəlxalq səhnələrdə ölkəmizi layiqincə təmsil edir.
Söhbət zamanı qonaqlar Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr, musiqi irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışaraq, iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mədəniyyətin xüsusi rolunu vurğulayıblar.




